Məhdəviyyət mövzuları (62) | Qərb və məhdəviyyət (II hissə)

Hövzə / Media vasitələri müasir dünyanın ən təsirli alətlərindən hesab olunur. Onlar yalnız birbaşa şəkildə insanlara təsir göstərməklə kifayətlənmir, eyni zamanda cəmiyyətin mədəniyyət, davranış normalar, dəyərlər və həmçinin insanların öz həyat prinsiplərini formalaşdırdıqları meyar və göstəricilərə də ciddi təsir göstərmək gücünə malikdir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, “İdeal cəmiyyətə doğru” adlı məhdəviyyət mövzuları  İmam Zaman (ə.f) ilə bağlı təlim və maarifin yayılması məqsədilə dəyərli oxuculara təqdim olunur.

Xilaskara etiqad həm səmavi, həm də qeyri-səmavi dinlər arasında ortaq qəbul edilən məsələlərdən biridir. Bəşəriyyətin mövcudluğunu təhlükə altına alan ağır böhranlar və insanların öz gücləri ilə qarşısını almaqda aciz qaldıqları çətinliklər dinlərdə xilaskar düşüncəsinin formalaşmasının ən mühüm səbəblərindən hesab olunur. Xilaskarın zühurunun ədalətin yayılması, zülmlə mübarizə və digər bu kimi xüsusiyyətlərlə əlaqələndirilməsi müxtəlif din və məzhəblərə mənsub insanların daim öz xilaskarlarının zühurunu arzulamalarına səbəb olmuşdur.

Təbii ki, xilaskarın zühuruna olan maraq və intizarın səviyyəsi müxtəlif amillərlə bağlıdır. Bu amillər arasında media xüsusi yer tutur və insanların bu sahəyə olan maraq və gözləntilərinin formalaşmasında mühüm rol oynayır. Müasir dünyanın ən təsirli vasitələrindən olan media yalnız birbaşa təsir göstərməklə kifayətlənmir, eyni zamanda insanların davranışlarını formalaşdıran mədəniyyətə, dəyərlərə, meyarlara və prinsiplərə də təsir edir.

Hollivud media sənayesi də 1990-cı illərdən etibarən tədricən, lakin aydın şəkildə öz istehsallarının əsas istiqamətini xilaskarlıq və axırzaman mövzularına yönəltməyə başlamışdır.

Yer üzündə bəşəriyyətin yeganə sağ qalanları – qadınlar

Hollivud kino sənayesi axırzamanı təsvir etmək üçün müxtəlif hadisə və ssenarilərdən istifadə etmiş, bu mövzuya hər gün yeni ideyalar əlavə etmişdir.

Sel, zəlzələ, buzlaşma, tənəffüs problemləri, günəş radiasiyası, texnologiya və süni intellekt, nüvə bombaları, maliyyə böhranları, o cümlədən yadplanetli varlıqlar, insan nəslinin sonsuzluğu və həmçinin onlarla digər hadisə Hollivud filmlərində yer kürəsinin məhvinə səbəb olan amillər kimi təqdim edilmişdir.

Lakin bu mövzular arasında daha qeyri-adi ssenarilər də diqqət çəkir. Məsələn, “The Last Man” (“Sonuncu kişi”) serialında müəmmalı bir xəstəlik nəticəsində yer üzündəki bütün kişilər – bir nəfər istisna olmaqla – məhv olur. Nəticədə qadınlar bəşəriyyətin yeganə sağ qalan nümayəndələrinə çevrilir və kişilərin yoxluğundan qaynaqlanan ictimai və siyasi problemlərlə üz-üzə qalırlar.

Hərçənd zahirdə bu film və serialların istehsalı tamaşaçıları əyləndirmək məqsədi daşıyır, lakin bu məhsulların arxasında duran düşüncə və ideoloji yanaşmaları da nəzərdən qaçırmaq olmaz.

Axırzaman hadisələrindən xilas yolu kimi bəşəri nailiyyətlərə söykənmək

Hollivud kinosunun müxtəlif axırzaman ssenarilərinin yaradılmasına və qeyri-ilahi xilaskar obrazlarının təqdim edilməsinə xüsusi diqqət ayırması onun bir çox məhsullarında açıq şəkildə müşahidə olunan danılmaz həqiqətdir.

2024-cü ildə istehsal olunmuş postapokaliptik Fallout serialı nüvə bombaları nəticəsində yer kürəsinin məhvindən sonrakı dövrdə insanların həyatından bəhs edir.

Bu serialda din və etiqadi mövzulara demək olar ki, heç bir yer verilməmişdir. Hətta bəzi səhnələrdə açıq şəkildə vurğulanır ki, axırzaman hadisələrindən xilas olmağın və ideal bir cəmiyyət qurmağın yolu Allaha deyil, insanın öz nailiyyətlərinə və texnoloji imkanlarına söykənməkdir.

Qərb kinosunun xilaskara humanist baxışı

2013-cü ildə istehsal olunmuş Snowpiercer (“Qar deşən qatar”) filmi axırzaman hadisələri nəticəsində yer kürəsinin məhvindən sonra sağ qalmış bir qrup insanın qatarda yaşamasından bəhs edir.

Bu qatarın ən diqqətçəkən xüsusiyyəti burada hökm sürən böyük sinfi bərabərsizlikdir. Məhz bu ayrı-seçkilik aşağı təbəqənin yuxarı təbəqəyə qarşı üsyanına səbəb olur. Üsyana isə Körtis adlı şəxs rəhbərlik edir.

Keçmişi qaranlıq olsa da, o, qatarın aşağı təbəqəsi üçün bir növ xilaskar kimi təqdim edilir. Lakin onun yanlış qərarları nəticəsində bütün qatarın məhvinə səbəb olan hadisələr baş verir və sonda yalnız iki nəfər sağ qalır.

Filmdə ilahi xilaskar anlayışına heç bir yer verilmir. Əksinə, insanlar tamamilə dünyəvi və qeyri-ilahi bir şəxsə etimad göstərir və nəticədə fəlakətlə üzləşirlər.

Əslində bu ekran əsərində xilaskarlıq ideyasına və xilaskara etimad anlayışına müəyyən tənqidi münasibət nümayiş etdirilir ki, bu da Qərb kinosunun xilaskara humanist baxışının nəticəsi kimi təqdim olunur. Halbuki vəhyə bağlı və ilahi rəhbərlikdən bəhrələnən bir xilaskara etimad bütün bəşəriyyət üçün ən üstün və ən ideal həyat şəraitinin təmin olunmasına səbəb ola bilər.

Amerikalı bir ailə – dünyanın xilaskarı

The Mitchells vs. The Machines animasiya filmi “Mitçellər” ailəsinin hekayəsindən bəhs edir. Onlar avtomobillə səyahət etdikləri zaman qəfil şəkildə robotların və süni intellektin üsyanı ilə qarşılaşırlar.

Film yumoristik üslubda texnologiyanın doğura biləcəyi axırzaman təhlükələrini təsvir edir və insanın süni intellektdən həddindən artıq asılılığının necə böyük fəlakətlərə səbəb ola biləcəyini göstərir. Lakin bütün bu qarışıqlığın fonunda gizli bir mesaj da verilir: “Əsl xilaskar ailədir!”

Mitçellər ailəsi Amerika istehsalı olan Ford markalı avtomobillə hərəkət edən bir Amerika ailəsidir. Onlar bütün fərqlərinə baxmayaraq sübut edirlər ki, ailə sevgisi və həmrəyliyi ən mürəkkəb axırzaman təhlükələri qarşısında belə qələbə qazana bilər və nəticədə onları dünyanın xilaskarına çevirir.

Bu animasiyada ailənin əhəmiyyəti və ailədaxili həmrəyliyin gücü uğurla təsvir olunsa da, Hollivudun axırzaman filmlərinə xas olan ümumi yanaşmaya uyğun olaraq burada da ilahi və səmavi xilaskar anlayışına yer verilmir. Xilaskar rolunda yalnız dünyəvi və sekulyar insanlar təqdim olunur.

Hollivudun postapokaliptik cəmiyyətlərinin xüsusiyyətləri (1)

Hollivud kinosu öz məhsullarının əksəriyyətində axırzaman və postapokaliptik dövrü təsvir edərkən mənfi xüsusiyyətlərə malik cəmiyyətləri və qaranlıq gələcək mənzərəsini təqdim edir.

İnsanların qəbilə və tayfa həyatına qayıdaraq sərt yaşam tərzinə üz tutması Hollivudun postapokaliptik əsərlərində tez-tez rast gəlinən xüsusiyyətlərdəndir.

Bu janrda çəkilmiş bəzi filmlərdə Yer üzündə sağ qalmış insanların qəbilə həyatını seçdiyi, özünəməxsus qayda-qanunlar və adət-ənənələr formalaşdırdığı, həmçinin digər insanlarla əlaqələrini minimuma endirməyə çalışdığı göstərilir.

SEE serialı Hollivudun postapokaliptik dünyasında qəbilə həyatının təsvirinə bariz nümunələrdən biridir. Bu serialda XXI əsrdən uzun müddət sonra müxtəlif qəbilələr şəklində yaşayan insanlar təsvir edilir. Onlar öz varlıqlarını qorumaq üçün daim digər qəbilələrlə mübarizə aparırlar.

Hollivudun postapokaliptik cəmiyyətlərinin xüsusiyyətləri (2)

Hollivud kinosu axırzaman və postapokaliptik dövrü əks etdirən əsərlərinin əksəriyyətində bəşəriyyət üçün qaranlıq və ümidsiz gələcək təsviri yaradır.

Bu filmlərdə geniş yayılmış xüsusiyyətlərdən biri də sərt sinfi sistemin və dərin sosial təbəqələşmənin mövcudluğudur.

Məsələn, Silo serialında Yer səthinin yaşayış üçün yararsız hala gəlməsi səbəbindən insanların yeraltı silolarda yaşadığı bir cəmiyyət təsvir olunur.

Lakin həmin silolarda ciddi sinfi ayrı-seçkilik hökm sürür. Daha əlverişli şəraitə malik yuxarı mərtəbələrdə rəhbər və idarəçi təbəqə yaşayır. Aşağı mərtəbələrə doğru endikcə isə fəhlələr və zəif təbəqələr məskunlaşır. Onlar ağır işlər görməyə və çətin həyat şəraitinə dözməyə məcbur olurlar.

Bu mövzu Hollivudun digər postapokaliptik əsərlərində də aydın şəkildə müşahidə olunur. Məsələn, Snowpiercer (“Qar deşən qatar”) serialında insanlar sosial statuslarına uyğun olaraq qatarın müxtəlif vaqonlarında yerləşdirilir və sinfi fərqlər onların həyat şəraitini müəyyən edir.

Hollivud filmlərində postapokaliptik cəmiyyətlərin xüsusiyyətləri (3)

Postapokaliptik və qorxulu bir cəmiyyətin hadisələri qarşısında daim narahatlıq və qorxu içində yaşamaq Hollivudun postapokaliptik filmlərində ən çox diqqət çəkən xüsusiyyətlərdən biridir. Qiyamət xarakterli hadisələrdən sonra qalan təhlükələr bu cəmiyyətlərdə yaşayan insanların daimi nigarançılığına səbəb olur və onlar həyatlarını bu qorxunun kölgəsində davam etdirirlər.

Finch filmi bu qəbildən olan əsərlərdən biridir. Film, iti ilə birlikdə yaşayan bir kişinin həyatından bəhs edir. O, qarşılaşdığı təhlükə və təhdidlərə müqavimət göstərməyə, qorxu və təşvişinə qalib gəlməyə çalışır. Halbuki İslam dini bəşəriyyətin gələcəyini, xilaskarın zühurundan sonra parlaq və ümidverici bir dövr kimi təsvir edir. Həmin dövrdə bütün insan cəmiyyətləri həzrət Məhdinin (ə.f) hakimiyyəti altında həyatın bütün sahələrində tam təhlükəsizlik və əmin-amanlıq içində yaşayacaqlar.

Fərdi xilaskarlıqdan kollektiv xilaskarlığa keçid

Qərb kinosunun qiyamət mövzusuna sekulyar yanaşması nəticəsində qlobal böhranlarla mübarizə vəzifəsi maddi və yer üzünə bağlı insanlara həvalə olunur. Bu insanlar isə təkbaşına son xilaskar rolunu yerinə yetirmək gücündə deyillər. Məhz buna görə də kino tədricən kollektiv xilas modelini formalaşdırmışdır. Bu model eyni zamanda ilahi xilaskar anlayışından fərqləndiyini açıq şəkildə nümayiş etdirir.

Hollivudun xilaskar yönümlü filmlərində uzun illər boyu dünyanın xilası tək bir qəhrəmanın üzərinə düşürdü. Bu qəhrəman qaranlıq, fəsad və ya qlobal fəlakətlə üz-üzə dayanmalı idi. Məsələn, “Matriks” (The Matrix) filmindəki Neo obrazı buna nümunədir. Lakin son onilliklərdə bu yanaşma dəyişmişdir. Xüsusilə Marvel Kinematoqrafik Kainatı (MCU) formalaşdıqdan sonra qiyamət xarakterli böhranlar artıq bir xilaskarın təkbaşına həll edə biləcəyi səviyyədə təqdim edilmir. Bunun əvəzinə müxtəlif güc və xüsusiyyətlərə malik qəhrəmanlar bir araya gələrək Yer kürəsini məhvdən xilas etməyə çalışırlar. Beləliklə, yeni narrativdə xilas bir şəxsin deyil, kollektiv əməkdaşlığın nəticəsi kimi təqdim olunur.

Hollivud xilaskardan yorulanda

Hollivud kinosu hər zaman “xilaskar” obrazına xüsusi maraq göstərib. Qaranlığın içindən çıxaraq bəşəriyyəti xilas edən və ümidi yaşadan qəhrəmanlar uzun illər Qərb kinosunun əsas sütunlarından biri olub. Lakin son illərdə bu mövzuya yanaşmada müəyyən dəyişikliklər müşahidə edilir. Belə görünür ki, Hollivudda xilaskar anlayışına dair yeni baxış formalaşmağa başlayıb və bu yanaşma ənənəvi xilaskar təbliği ilə yanaşı inkişaf edir.

Artıq Hollivud təkcə xilaskar obrazını təqdim etmir, eyni zamanda onu tənqid də edir.

Bəzən xilaskar uğursuzluğa düçar olur,

Bəzən özü düşməndən daha böyük təhlükəyə çevrilir,

Bəzən isə ümumiyyətlə xilas baş vermir və dünya məhv olur.

Məsələn, “Don’t Look Up”, “Snowpiercer” və “Dune” kimi filmlərdə belə bir mesaj ön plana çıxır: “Xilaskarlar həmişə çıxış yolu deyillər; bəzən problemin özü məhz onlardır.” Bu yanaşma dəyişikliyi Qərb cəmiyyətində etimad və mənəviyyat böhranının əks-sədası kimi qiymətləndirilə bilər. Dinə, dövlətə, elmə və hətta öz qəhrəmanlarına belə şübhə ilə yanaşan bir cəmiyyət artıq xilaskarlara əvvəlki gözlə baxmır.

(Qeyd etmək lazımdır ki, burada söhbət İslamın ilahi xilaskar anlayışından getmir. Bu yanaşma ümumilikdə xilaskarlıq ideyasının tənqidinə yönəlmiş bir baxışdır.)

Və nəhayət, müasir Hollivudda vahid yanaşmanın olmaması

Qərb kinosu əvvəllər “yerüstü xilaskarlar” obrazını təqdim etməklə ilahi xilaskar ideyasına alternativ yaratmağa çalışırdı. Lakin indi bəzi filmlərdə bu yanaşma daha da irəli gedərək “xilaskarsızlaşdırma” mərhələsinə keçmişdir. Bir sıra yeni ekran əsərlərində qəhrəman obrazlarının arxa plana keçirilməsi və ya tamamilə aradan qaldırılması “ümid” anlayışının zəiflədilməsi və insanın qiyamət səhnələri qarşısında tək buraxılması təsəvvürünü formalaşdırır.

Əslində, bugünkü Hollivud vahid ideoloji xəttə malik deyil. Bir tərəfdən, tamaşaçının qəhrəman ehtiyacını qarşılamaq üçün yerüstü xilaskarlıq ideyasını güclü şəkildə təbliğ edən superqəhrəman axını mövcuddur. Digər tərəfdən isə xilaskar anlayışını ümumiyyətlə aradan qaldıraraq müasir insanı köməksiz, tənhalaşmış və çıxış yolu olmayan bir varlıq kimi təqdim edən başqa bir istiqamət formalaşmaqdadır.

Bu mövzuların ardı var...

Mənbə: Qum Elmi hövzəsinin Məhdəviyyət İxtisas Mərkəzinin (Qərb və Məhdəviyyət qrupu) hazırladığı material əsasında, müəyyən dəyişikliklərlə...

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha